DÇ-2010’dan bəhs etməzdən öncə Dünya Çempionatının futboldakı yerinə və əhəmiyyətinə bir neçə cümlə ayırmaq istəyirəm. Britaniyalı yazıçı Simon Kuper’in ifadəsi ilə futbol heç vaxt futbol olmadığı kimi, fikrimcə, Dünya Çempionatı da sadəcə bir çempionatdan ibarət deyil. 4 ildən bir keçirilən bu turnir dünyanın müxtəlif qitələrindən ölkələri, bayraqları, o bayraqların altında yaşayan insanları bir araya gətirir. Acı və ağrılı müharibələrlə dolub-daşan Yer üzündə fərqli millətlərdən insanların sülh içində əylənə biləcəyini bizlərə göstərir. 1930-cu ildən bəri keçirilən çempionatın yalnız II Dünya Müharibəsi dövründə baş tutmaması təsadüfi deyil. Müharibənin olduğu bir mühitdə futbol da, idmanın digər növləri də bir şəkildə həyatda qalır; lakin bu kimi mədəniyyət festivallarını təşkil etmək mümkün olmur. Uzun sözün qısası, Dünya Çempionatı sadəcə bir futbol çempionatı deyil, eyni zamanda sivilizasiyanın mədəni simvoludur.
2010-cu il Dünya Çempionatı isə bu mədəniyyətin ən zirvə nümunələrindən biridir deyə düşünürəm. Sözügedən mundialın multikultural bir mühitdə, müxtəlif milliyyət və din mənsublarının sülh içində yaşadığı bir ölkədə – Cənubi Afrika Respublikasında keçirilməsi bu fikrimin arxasındakı başlıca səbəblərdəndir. Elə isə 16 il əvvələ qayıdaq və DÇ-2010’un yaddaqalan məqamlarına nəzər yetirək.
Wavin’ Flag və Waka Waka
Dünya Çempionatını mədəniyyət festivalı adlandırdıq, festival isə musiqisiz olmaz. Hər bir Dünya Çempionatı özünəməxsus, unikal musiqisi ilə yaddaşlara qazınır və illər keçdikdən sonra belə o mahnılara rast gəldikdə gözlərimizin önündə çempionata dair kadrlar canlanır. Bir çox insanın fikrincə isə mundial tarixinin ən yaxşı musiqiləri məhz bu çempionata aiddir. Söhbət birinci növbədə turnirin rəsmi musiqisi olan Waka Waka’dan gedir. Kolumbiyalı sənətçi Shakira’nın müəllifi olduğu mahnı, aradan illər keçməsinə baxmayaraq, hələ də çoxları tərəfindən mundial tarixinin ən yaxşısı hesab olunur. Fikrimcə, bu yanaşmanın arxasındakı səbəb təkcə musiqi zövqündən ibarət deyil. Digər çempionat musiqilərindən fərqli olaraq, bu mahnıda sadəcə futbola deyil, həmçinin, qitə mədəniyyətinə fokuslanılması onu əvəzsiz edən nüanslardan biridir deyə düşünürəm.
Ən yaxşı DÇ mahnısı nominasiyası üzrə mənim namizədim isə bir qədər fərqlidir, fərqli olmaqla bərabər məhz haqqında danışdığımız çempionatla əlaqəlidir. 2010-cu il Dünya Çempionatının sponsoru Coca-Cola’nın layihəsi əsasında “mix” versiyası hazırlanan Wavin’ Flag turnirin rəsmi mahnısı hesab olunmasa da, mundiala bambaşqa bir rəng qatmış və bir çox insanın sevgisini qazanmışdı. Musiqinin Afrika mədəniyyətini, sözlərin isə futbolun birləşdirici və əyləncəli tərəfini əks etdirdiyi bu mahnı hələ də Dünya Çempionatı deyildikdə ağla gələn ilk əsərlərdəndir. K’naan tərəfindən ifa olunan bu mahnının orijinal versiyası isə düşünüldüyü qədər pozitiv enerjili deyil. Orijinal versiyada sənətçinin ölkəsi Somalinin acı tarixindən və azadlıq həsrətindən bəhs olunur, dillər əzbəri olan nəqarətdə isə K’naan azadlıq xəyalını dalğalanan bayraq metaforuyla ifadə edir. Həmin bu nəqarət hələ 10 yaşımda ikən mənim üçün bir motivasiya mənbəyinə çevrilmişdi. Yekunda Wavin’ Flag həm məna dolu sözləri, həm də futbol xatirələri ilə məndə yeri apayrı olan bir əsərdir və o günlərdən bəri ən sevdiyim mahnı olaraq qalmaqdadır.
Vuvuzela
Yaxından və maraqla izlədiyim Vuvuzela Media’nın da adını aldığı bu musiqi alətini də 2010-cu ildə tanımışdıq. Cənubi Afrikanın milli çalğı aləti olduğu üçün stadionlara buraxılmasına qadağa qoyula bilməyən vuvuzela DÇ-2010 ərzində çoxlarımızın qulağını TV qarşısında olmağımıza rəğmən batırmış, bizlərə diskomfort bir Dünya Çempionatı təcrübəsi yaşatmışdı. Matç izləyərkən yaşatdığı narahatlıqla yadda qalsa da, o çempionata xas olan, Dünya Çempionatı ənənələrinə müvafiq olaraq ev sahibinin mədəniyyəti ilə tanış olmağımıza yol açan bir ünsür idi vuvuzela. Bu gün adını bir YouTube kanalında gördükdə ağlımıza futbol gəlirsə, bunun səbəbi onu bizə tanıdan Dünya Çempionatıdır, daha xüsusi vurğulasaq, DÇ-2010’dur. Çempionatı izləyərkən şikayətlərə səbəb olsa belə, başqa mədəniyyətləri kəşf etmək, onlara hörmətlə yanaşmağı öyrənmək adına gözəl bir təcrübə idi deyə düşünürəm.
Tshabalala
Bu çempionatı özəl qılan şeylərdən bir digəri isə vurulan ilk qolun belə yaddaşlardan silinməməsidir. DÇ-2010’un 1-1 hesabı ilə bitən açılış oyununda Cənubi Afrika Meksika millisi ilə qarşılaşmış, ev sahiblərinin heyətində 8 nömrəli Siphiwe Tshabalala turnirin ilk, komandasının isə matç ərzindəki yeganə qolunun müəllifi olmuşdu. Qolun təkrarına baxsaq, yəqin ki, xatırlamağa dəyəcək qədər möhtəşəm bir qol olmadığı fikrinə düşərik. Mənim fikrimcə isə, bu qolun unudulmamasının əsas səbəbi Cənubi Afrika futbolçularının əyləncəli və lokal rəqs nümayişi ilə qolu qeyd etməsi idi. Həmçinin, Tshabalala’nın tələffüzü maraqlı olan və asan-asan yaddan çıxmayan adını da səbəb kimi qeyd etmək mümkündür. 2010-cu ilin açılış oyununda qarşılaşan komandaların 16 il sonra yenə bir açılış oyununda, bu dəfə Meksikada üz-üzə gələcək olması isə mundial tarixi adına maraqlı bir təsadüfdür.
Jabulani
Futbolun ən bəsit elementi olan top belə bu çempionata ayrı bir xüsusilik qatmışdı. Adidas tərəfindən hazırlanan və Jabulani adı verilən top olduqca fərqli fiziki dinamikası ilə mundiala ayrı bir rəng qatmış, qapıçılara çətin anlar yaşatmışdı. Jabulani ilə endirilən ən adi zərbələr belə “knuckleball” təsiri bağışlayır, top havada gözlənilməz şəkildə istiqamət dəyişdirirdi. Nəticədə qapıçıların şikayətinə məruz qalan Jabulani azarkeşlər tərəfindən sevilmiş, bir çox baxımlı qolun vurulmasında kəskin rol oynamışdı. Dizaynı da bir o qədər göz oxşayan Jabulani ilə oynamaqdan ən çox razı olan futbolçu isə, heç şübhəsiz, uruqvaylı forvard Diego Forlan idi. Çempionata 5 qolla damğa vuran Forlan Jabulani’dən bir növ xüsusi silah kimi yararlanırdı.
Qol xətti texnologiyası
Çempionatın 1/8 final mərhələsi çərçivəsində baş tutan Almaniya 4-1 İngiltərə qarşılaşması futbol adına bir qırılma nöqtəsinə səhnə olmuşdu. Frank Lampard’ın uzaqdan endirdiyi zərbədən sonra top qapı xəttini aşkar şəkildə keçsə də, hakimlər briqadası tərəfindən qol qeydə alınmamış və bu qərar İngiltərə mediası tərəfindən 1966-cı il Dünya Çempionatında əfsanəvi hakimimiz Tofiq Bəhramovun İngiltərə lehinə verdiyi qərarın intiqamı kimi adlandırılmışdı. Yaranan skandalın nəticəsi olub-olmadığını tam olaraq bilməsək də, o dövrdə üzərində ciddi müzakirələr gedən qol xətti texnologiyasının inkişafı məhz bu epizoddan sonra sürət qazanmışdı. VAR-dan əvvəlki ən böyük yenilik hesab olunan bu texnologiya çox keçmədən oyuna inteqrasiya edilmişdi. Epizodun qəhrəmanı olan Lampard da bu məqamın futbolu dəyişdirəcəyini düşündüyünü müsahibəsində qeyd etmişdi. Beləliklə, Dünya Çempionatı kimi böyük səhnələrdə yaşanan skandalların qayda dəyişikliklərinə, həmçinin, texnoloji yeniliklərə yol açdığını da deyə bilərik.
Luis Suarez’in “save”i
2010-cu il Dünya Çempionatına dair yaddaşlardan silinməyən başqa bir məqam isə 1/4 final mərhələsindəki Uruqvay - Qana matçı ilə bağlıdır. Əlavə vaxtın 120-ci dəqiqəsində, hesabın 1-1 olduğu, penalti seriyasının başlamasının gözlənildiyi bir anda Qana futbolçularının boş qapıya endirdiyi zərbəni Luis Suarez bir qapıçı kimi əlləri ilə qaytararaq, rəqibin qələbə qolunun qarşısını almış və qırmızı vərəqə ilə cəzalandırılmışdı. Qanalı hücumçu Asamoah Gyan’ın Uruqvay qapısına təyin olunan penalti zərbəsini uğursuz yerinə yetirməsi turun taleyini penaltilər seriyasına daşımış və Suarez’in hərəkətinin “qurtarış” olaraq dəyərləndirilməsinə yol açmışdı. Uruqvay millisinin penaltilər seriyasında 4-2 hesablı qələbə qazanaraq adını yarımfinala yazdırması Luis Suarez’in o hərəkətinin bu gün belə unudulmamasının səbəbidir. 1986-cı il Dünya Çempionatında Maradona “Tanrının əli” adı altında vurduğu qolla yadda qalmışdı, 24 il sonra isə Suarez oxşar formada komandasını qoldan xilas edərək mərhələ ümidlərinin ölməsinə maneə olmuşdu.
Baş məşqçi Maradona
Maradona demişkən, bu turnirə dair bir digər maraqlı xatirə isə Maradona və Messi’ni bir mühitdə izləmək imkanını bizlərə təqdim etməsi idi. Baş məşqçi karyerası elə də uğurlu olmayan Diego Armando Maradona’nın Argentinaya rəhbərliyi də uğursuzluqla nəticələnmişdi. Maradona’nın öz fərdi oyun üslubunu bütün komanda planına çevirmə cəhdi və ortaya çıxan xaotik görüntü nəticədən bağımsız şəkildə maraq oyadırdı.
Wesley Sneijder
Hər nə qədər Golden Ball mükafatı Diego Forlan’a verilsə də, turnirə damğa vuran Wesley Sneijder’dən də bəhs etmək lazımdır. Niderlandlı futbolçu sadəcə çempionatı deyil, ümumilikdə 2009-10 mövsümünü möhtəşəm keçirmişdi. Sneijder həmin mövsümdə Jose Mourinho rəhbərliyi altında Inter ilə həm daxili çempionatda liqa və kubok çempionu oldu, həm də Çempionlar Liqasını komandanın baş rol obrazı kimi qazanaraq, əldə olunan “treble”da xüsusi bir əmək sərf etdi. Dünya Çempionatında da Narıncıların əsas fiqurlarından biri olan Wesley komandasının finala çıxmasında xüsusi pay sahibi olmuşdu. Finalda əldə olunan məğlubiyyətə rəğmən bir çox futbolsevər Sneijder’in 2010-cu ilin Ballon d'Or mükafatını qazanmalı olduğunu düşünürdü, lakin o, 4-cü sıraya layiq görülmüşdü. Bu gün belə Wesley Sneijder’ə haqsızlıq edildiyi sosial şəbəkələrdə tez-tez dilə gətirilir. Mən isə futbolda fərdi mükafatların tamamilə subyektiv əsaslarla verildiyini və obyektivliyin mümkünsüz olduğunu düşündüyümdən bu barədə əlavə bir fikir səsləndirməyəcəyəm.
La Furia Roja
2010-cu il Dünya Çempionatına dair hər şeydən və hər kəsdən bəhs etdik, geriyə yalnız çempionlar qaldı. Tarixinin qızıl erasını yaşayan və son Avropa Çempionatının qalibi statusu ilə Cənubi Afrikaya gələn İspaniya yığması mundialın da favoriti hesab olunurdu. Vicente del Bosque’nin kollektivi qısa pas əsaslı Tiki-taka üslubunu praqmatik formada tətbiq edir, topa sahib olaraq müdafiə olunurdu. Bu praqmatizm nəticəsində 7 oyunda sadəcə 1 top buraxıb, 8 qol vuran La Furia Roja tarixinin ilk Dünya çempionluğuna yiyələnməyə nail olmuşdu. İspanların minimum risk fəlsəfəsi ilə aşağı tempdə oyunu idarə etməsi komandanın hücumlarda çətinlik çəkməsinə gətirib çıxarır, belə anlarda isə turnirin qəhrəmanlarından David Villa köməyə çatırdı. Elə 2010-cu ilin yay transfer pəncərəsində Valencia’dan Barcelona’ya keçidi reallaşan forvard komandasının 8 qolundan 5-inə imzasını atmış və adını turnirin bombardirləri siyahısına yazdırmışdı. Ağırlıqlı olaraq Barcelona oyunçularından təşkil olunan heyətdə Real Madrid təmsilçisi kimi ən çox gözə çarpan fiqur isə yekunda kuboku başı üzərinə qaldıran kapitan Iker Casillas idi. Futbolla tanış olduğum gündən bəri ən sevdiyim futbolçu adlandırdığım Casillas çempionat ərzində həm qapısını toxunulmaz saxlaması ilə, həm də final oyunundakı qurtarışları ilə yadda qalmışdı. Xüsusilə Arjen Robben ilə təkbətək qaldığı epizodda etdiyi kritik “save” sadəcə DÇ-2010 finalının deyil, ümumən mundial tarixinin ən kritik qırılma anlarından biri kimi hesab olunmaqdadır.
Finala damğa vuran məqamlardan bir digəri kimi Nigel de Jong’un Xabi Alonso’nun sinəsinə endirdiyi zərbəni qeyd etmək olar. Niderlandlı dayaq yarımmüdafiəçisinin bu epizodda qırmızı vərəqə ilə cəzalandırılmaması bütün futbol ictimaiyyətinin təəccübünə səbəb olmuşdu. Finalın əsas həlledici məqamı isə əlavə vaxtın bitməsinə 4 dəqiqə qala qeydə alınmışdı. 116-cı dəqiqədə Cesc Fabregas’ın ötürməsində Andres Iniesta’nın sağ çarpazdan endirdiyi zərbə nəticəsində qapı xəttini keçən top İspaniyanın ilk mundial çempionluğunu elan etmişdi. Iniesta üçün bir qoldan və çempionluqdan daha artığını ifadə edən epizod onun şəxsi həyatı və karyerası baxımından da xüsusi önəm kəsb edirdi. Öncəki ilin avqustunda yaxın dostu Dani Jarque’nin qəfil vəfatı onu dərindən sarsmış, mövsüm ərzində isə ardıcıl zədələr yaxasını buraxmamışdı. Bütün bu psixoloji və fiziki yorğunluğun yekununda o, mundial finalında qələbə qolunu dostuna həsr etmiş, formasını çıxararaq, “Dani Jarque, hər zaman bizimlə” mənasını ifadə edən “Dani Jarque, siempre con nosotros” sözlərini kameralar qarşısında nümayiş etdirmişdi. İlin sonunda isə Iniesta Qızıl Top mükafatı üçün 2-ci yerə layiq görülmüşdü. Çempion İspaniya yığması isə mundialdan əvvəl olduğu kimi, növbəti Avropa Çempionatına da damğa vurmuş və arıdıcıl 3 böyük beynəlxalq titulu əldə edərək, təkrarlanması güc bir tarixə imza atmışdı. Maraqlısı budur ki, bir neçə gün sonra başlayacaq olan 2026-cı il Dünya Çempionatına da İspaniya yığması eyni ünvanla – son Avropa çempionu kimi gəlir və kağız üzərindəki favoritlərdən biri hesab olunur.
Pireneylilərin qalibi olduğu ilk və hələ ki son çempionatla bağlı təəssüratlarımı əlimdən gəldiyi qədər bölüşməyə çalışdım. Yazımın əvvəlində də qeyd etdiyim kimi, bu çempionatın yeri mənim üçün əvəzsizdir və bununla bağlı yetərincə səbəb sadaladığımı düşünürəm. Cruyffism’in əsas təmsilçisi olan Niderlandın final oynaması, ispanların bu ideologiya ətrafında dominasiya quraraq çempionluğa yiyələnməsi, ən sevdiyim futbolçu olan Iker Casillas’ın Dünya kubokunu başı üzərinə qaldırması, həyatdakı motivasiyalarımdan birinə çevrilən Wavin’ Flag mahnısı ilə 2010-cu il Dünya Çempionatı mənim üçün bir mundialdan daha artıqdır və möhtəşəm xatirələrlə yadda qalmaqdadır. Meksikada start götürəcək olan növbəti çempionatın da illər sonra oxşar hisslərlə xatırlanmasını diləyək.
Vüsal Ələkbərov



