kvaratskheliageorgiaazerbaijan

Biz öz Kvara’larımızı necə yetişdirə bilərik?

3 İyul 20268 dəq.109 baxış
Biz öz Kvara’larımızı necə yetişdirə bilərik?
Ötən həftələrdən birində Gürcüstanda səyahətdə olarkən hər addımda Kvicha Kvaratskhelia’nın adına rast gəlirdim. Həm insanların əynindəki, həm də satışda olan formalarda, küçə subkulturasının ayrılmaz parçasına çevrilmiş qraffitilərdə, stikerlərdə və başqa yerlərdə... Ulduz futbolçu sanki sadəcə bir idmançı deyil, ölkəni ziyarət edənlərə xalq qəhrəmanı kimi təqdim olunurdu. Kvara’nın ailəsinin Azərbaycanla bağlantısı – atası Badri Kvaratskhelia’nın ölkəmizin klublarında çıxış etməsi, hətta milli komandamızı təmsil etməsi kimi detallar məndə “Bəs biz öz Kvara’larımızı necə yetişdirə bilərik?" sualını oyatdı. Nəticədə Azərbaycan futbolunun gələcəyinə qonşu Gürcüstan prizmasından nəzər salmaq qərarına gəldim.

Əslində söhbət təkcə Kvara yetişdirməkdən getmir. O, haqqında danışacağımız mövzunun ən parlaq və istisna hesab oluna biləcək nümunəsidir. Kvaratskhelia ilə yanaşı, bu gün Gürcüstanı Avropanın müxtəlif klublarında təmsil edən çox sayda futbolçu var. Bu yazıda qonşu ölkənin həmin nəticələrə hansı addımlar sayəsində çatdığına nəzər salacaq, Azərbaycan futbolu üçün hansı nümunələrin faydalı ola biləcəyini araşdıracağıq.

İstər doğma Azərbaycan, istərsə də qonşu Gürcüstan müstəqilliklərini bərpa etdikdən sonra futbolda SSRİ-dən miras qalan sistemi davam etdirdilər. Nəticədə resursların əsas hissəsi elit futbola yönəldilir, akademiyalara lazımi diqqət ayrılmır, uşaq futbolunda isə ciddi inkişaf qeydə alınmırdı. Zaman keçdikcə hər iki ölkədə də bu problemlərin həlli istiqamətində müəyyən addımlar atıldı. Lakin bu gün geriyə baxdıqda aydın görünür ki, həmin addımların nəticəsi Gürcüstanda bizə nəzərən daha uğurlu olub. Bəs söhbət hansı addımlardan gedir?

Grassroots

Birinci və ən əsas dəyişiklik futbolun inkişaf strategiyası ilə bağlı idi. Strateji prioritet elit səviyyədən “Grassroots”a, yəni akademiya futboluna yönəldi. Çünki futbol piramidasının zirvəsinə yönəldilən xərclər yalnız qısamüddətli, daha çox "gözboyayıcı" nəticələr vəd edə bilər. Dayanıqlı inkişaf üçün isə əsas diqqət təmələ ayrılmalıdır. Bu yanaşma təkcə Gürcüstana xas deyil. Futbolun inkişafında uğur qazanan demək olar ki, bütün ölkələr məhz bu prinsipi əsas götürürlər. Strateji dəyişikliyin nəticəsində Gürcüstanda futbolun inkişafı üçün ayrılan büdcənin əhəmiyyətli hissəsi akademiyalara və uşaq futboluna sərf edildi. Beləliklə, uşaqlar üçün həm futbola çıxış imkanları genişləndirildi, həm də onların yetişməsi üçün müasir infrastruktur və əlverişli mühit yaradıldı.

Məktəblərdə futbol

Gürcüstanda futbolun uzunmüddətli inkişafı istiqamətində atılan növbəti mühüm addımlardan biri “Məktəblərdə Futbol” layihəsi oldu. Layihə çərçivəsində ölkə üzrə 1000-dən çox məktəbdə ödənişsiz futbol kursları təşkil edildi. Bunun sayəsində həm futbol uşaqlar üçün daha əlçatan oldu, həm də onların bu idman növü ilə ilk tanışlığı daha sistemli və peşəkar şəkildə baş tutdu. Layihənin səmərəliliyini artırmaq məqsədilə bədən tərbiyəsi müəllimləri UEFA D kateqoriyası üzrə məşqçilik kurslarına cəlb olundu, lisenziya alan müəllimlər isə regional skaut kimi fəaliyyət göstərməyə başladılar.

Məktəblərdə futbol demişkən, ölkəmizdəki əsas problemlərdən biri də futbolu seçən uşaqların məktəb təhsilindən uzaqlaşmasıdır. Bunun adi hala çevrilməsi valideynlərin övladlarını futbola yönləndirməsini də çətinləşdirir. Çünki onlar uşaqlarının nə təhsildən geri qalmasını, nə də gələcəkdə alternativsiz vəziyyətə düşməsini istəyirlər. Nəzərə almaq lazımdır ki, akademiyaya başlayan hər uşaq peşəkar futbolçu olmur. Kimisi zədə səbəbindən, kimisi marağını itirdiyi üçün, kimisi isə başqa səbəblər ucbatından futbol karyerasını davam etdirə bilmir. Belə olan halda onların təhsildən qopmaması və gələcək üçün alternativ seçimlərə sahib olması böyük əhəmiyyət daşıyır. Bu problem həll olunsa, ailələr də övladlarını futbol akademiyalarına daha böyük inamla etibar edərlər. Bunun üçün, məsələn, regional akademiyalara dövlət məktəblərinin tədris proqramını inteqrasiya etmək olardı.

Regional piramida

Şübhəsiz ki, Azərbaycan futbolunun ən ciddi problemlərindən biri regionlarda futbolun zəif inkişaf etməsidir. Gürcüstanda isə bu problem piramida modeli vasitəsilə həll olunub. Modelə əsasən, piramidanın aşağı pillələrini kiçik, yuxarı pillələrini isə böyük yaş qrupları təşkil edir. Büdcə də bu bölgüyə uyğun formalaşdırıldığından, ən çox maliyyə aşağı yaş kateqoriyalarına ayrılır. Nəticədə hətta ən ucqar bölgələrdə belə uşaqlar üçün lazımi futbol infrastrukturu yaradılır və ölkənin istənilən nöqtəsində yaşayan uşağın futbola çıxışı təmin edilir.

Yaş artdıqca piramidanın pillələri daralır və coğrafi baxımdan mərkəzə doğru cəmlənir. Bu səbəbdən yuxarı yaş qrupları üzrə fəaliyyət göstərən akademiyaların sayı azalır və onlar əsasən mərkəzi bölgələrdə yerləşirlər. Bu model həm daha geniş coğrafiyadan, həm də daha çox sayda futbolçunun sistemə cəlb olunmasına imkan yaradır. Gürcüstanın tətbiq etdiyi sistem ən kiçik yaşlardan uşaqlara futbola başlamaq imkanı verir, inkişaf etdikcə isə onların daha yüksək səviyyəli akademiyalara keçidini təmin edir.

Azərbaycanla müqayisədə fərq aydın görünür. Aşağı yaş qruplarının inkişafı üçün paytaxt Bakıdan kənarda yetərincə alternativimiz yoxdur. Bir vaxtlar Qəbələ bu sahədə fərq yaratsa da, bu gün həmin boşluğu dolduran alternativ görünmür.

İnfrastruktur və vahid tədris proqramı

Ölkəmizdə uşaq futbolundakı şəraitin ürəkaçan olmadığı hər birimizə məlumdur. Bizdə nəinki aşağı yaş qrupları, hətta ölkə çempionatının bəzi komandaları belə aşağı səviyyəli şəraitdə, süni ot örtüklü meydançalarda çıxış edir. Araşdırdığıma görə, Gürcüstanda bu məsələyə yanaşma daha sərtdir. Ölkənin əsas çempionatında çıxış edən komandaların süni örtüklü meydançalarda oynamasına qəti şəkildə icazə verilmir. Aşağı liqalar və akademiyalar üçün qaydalar nisbətən elastik olsa da, ümumi vəziyyət bizdən xeyli qənaətbəxşdir. Belə ki, gürcü akademiyalarında çıxış edən futbolçular 16 yaşdan etibarən müntəzəm olaraq təbii və ya hibrid örtüklü meydançalarda oynayırlar. Bu da onların elit futbola uyğunlaşmasını sürətləndirir və inkişafına müsbət təsir göstərir.

İnfrastrukturla yanaşı, akademiyalarda tətbiq olunan tədris metodologiyası da həlledici amillərdəndir. Milli komanda səviyyəsində uğur qazanan ölkələrə nəzər salsaq, onların özünəməxsus futbol kimliyi formalaşdırdıqlarını və bu oyun fəlsəfəsini aşağı yaş qruplarından etibarən sistemli şəkildə aşıladıqlarını görərik. Bunun ən parlaq nümunəsi, şübhəsiz ki, İspaniyadır. Qısa pas futbolunu bir mədəniyyətə çevirən ispanlar bu yanaşmanı uşaqlara erkən yaşlardan mənimsədirlər və ölkənin futbol bünövrəsini vahid fəlsəfə üzərində qururlar.

Gürcüstanda isə fərqli bir modeldən danışmaq olar. Ölkənin malik olduğu futbolçu profili nəzərə alınaraq formalaşdırılan bu model fiziki üstünlüyə əsaslanır. Gürcüstan son illərdə texniki keyfiyyəti yüksək futbolçular da yetişdirsə də, ümumi futbol kimliyində fiziki hazırlıq və atletizm daha qabarıq yer tutur. Bu yanaşma milli yığmada da öz əksini tapır. Fransalı baş məşqçi Willy Sagnol fiziki cəhətdən güclü futbolçuların xüsusiyyətlərinə uyğun komanda formalaşdırmağı bacarıb. Onun "yetkin kimi müdafiə olun, uşaqlar kimi hücum et" prinsipi də bunu əks etdirir. Sagnol komandasından topsuz oyunda intizamlı, sərt və yüksək konsentrasiyalı müdafiə tələb edir. Hücum zamanı isə futbolçularına sərbəstlik verir, onların fərdi keyfiyyətlərini maksimum səviyyədə nümayiş etdirməsinə şərait yaradır. Komandanın müdafiə və keçid hücumlarına əsaslanan oyun tərzini nəzərə alsaq, bu yanaşma kifayət qədər məntiqli görünür.

Azərbaycan futbolunda da istər akademiyalar, istərsə də milli yığma səviyyəsində oxşar model tətbiq oluna bilər. Çünki Gürcüstanla futbol baxımından oxşar xüsusiyyətlərimiz kifayət qədərdir. Lakin bunun uğurlu olması üçün akademiyalarda fiziki hazırlığın inkişafı əsas prioritetlərdən birinə çevrilməlidir. Təəssüf ki, məhz bu sahədə ciddi şəkildə geridə qalırıq.

Digər tərəfdən, Azərbaycan futbolunun mənimsəyə biləcəyi ikinci, lakin daha mürəkkəb bir model də var: "Qarabağ modeli". Bəzi ölkələr milli komandanın oyun üslubunu ölkənin dominant klubunun futbol fəlsəfəsinə uyğun qururlar. Bunun əsas səbəbi milli yığmanın heyətinin böyük hissəsinin həmin komanda oyunçularından təşkil olunmasıdır. Beləliklə, futbolçular klubda öyrəşdikləri sistemi milli komandada da davam etdirə bilirlər.

Azərbaycanda bu baxımdan ən uyğun nümunə Qarabağ’dır. Qurban Qurbanovun komandası oyunu texniki keyfiyyət üzərində qurur, qısa paslara və sürətli keçidlərə üstünlük verir. Lakin bu üslub yüksək oyun intellekti və texniki hazırlıq tələb etdiyindən onu ölkə üzrə vahid tədris proqramına çevirmək daha çətin görünür. Bununla belə, mövcud şərait nəzərə alınarsa, azərbaycanlı futbolçuların texniki baxımdan inkişaf etdirilməsi uzunmüddətli perspektivdə daha böyük üstünlük qazandıra bilər.

Erkən yaşda legioner həyatı

Gürcüstan futbolunda gənclərin inkişafına töhfə verən mühüm amillərdən biri də yerli klubların Avropa komandaları ilə qurduğu pilot klub əməkdaşlıqlarıdır. Bu əməkdaşlıqlar çərçivəsində perspektivli gənc futbolçular erkən yaşlarda Avropa klublarına transfer olunur, həm legioner həyatı təcrübəsi qazanır, həm də daha yüksək səviyyəli rəqabət mühitində yetişmək imkanı əldə edirlər. Azərbaycan klubları da oxşar tərəfdaşlıqlara üstünlük verməklə gənc istedadlarının inkişafı üçün daha geniş imkanlar yarada bilərlər. Belə əməkdaşlıqlar yalnız futbolçuların inkişafını sürətləndirmir, həm də yerli klubların Avropa futbolu ilə daha sıx inteqrasiyasına xidmət edir.

Cruyff meydançaları

Sonda isə bloqumun adına uyğun olaraq mövzuya Cruyff perspektivindən yanaşmaq istəyirəm. Johan Cruyff’un öz kitabında da bəhs etdiyi “Cruyff Courts”, yəni Cruyff meydançaları layihəsi bu gün də Cruyff Vəqfi tərəfindən həyata keçirilməyə davam edir. Layihə çərçivəsində dünyanın dörd bir yanında kiçik futbol meydançaları inşa olunur. Bu meydançaları digərlərindən fərqləndirən əsas xüsusiyyət isə təkcə infrastrukturu deyil, həm də özünəməxsus etik qaydaları və inkişafyönümlü fəlsəfəsidir.

Karyerası boyunca 14 nömrəli formanı simvola çevirən Johan Cruyff bu layihə üçün də rəmzi məna daşıyan 14 qayda müəyyənləşdirib. Bu qaydalar müvafiq olaraq komanda oyunçusu olmaq, məsuliyyət daşımaq, qarşılıqlı hörmət, qonaqpərvərlik, təşəbbüskarlıq, köməkləşmək, özün olmaq, sosiallıq, texnika, inkişaf, öyrənmək, birgə oynamaqyaradıcılıqdır.

Şərait baxımından da bu meydançalar fərqli xüsusiyyətlərə malikdir. Süni ot örtüyünü sevməyən və bu səthin oyunun təbiiliyini dəyişdirdiyini düşünən Johan Cruyff’un adını daşıyan meydançalarda xüsusi hazırlanmış örtükdən istifadə olunur. Məqsəd oyunun təbii axıcılığını qorumaq, eyni zamanda uşaqlar üçün zədə riskini minimuma endirməkdir. Bu örtüklərdə ənənəvi qara kauçuk əvəzinə xüsusi qum və digər təbii materiallardan istifadə edilir.

Bununla yanaşı, meydançalar divarlarla əhatə olunduğundan top tez-tez oyundan çıxmır, yan xəttdən meydanı ümumiyyətlə tərk etmir. Nəticədə oyunun tempi yüksəlir, futbolçular divar paslarından istifadə etməklə daha kreativ həllər tapmağa təşviq olunurlar. Beləcə, yüksək texniki keyfiyyətə, dinamik tempə və yaradıcılığa söykənən oyun mühiti formalaşır.

İstər futbol federasiyamızın, istərsə də bəzi klublarımızın Cruyff İnstitutu ilə mövcud əlaqələrini nəzərə alsaq, bu əməkdaşlığın Cruyff Vəqfi ilə də genişləndirilməsi elə də qeyri-real görünmür. Belə bir təşəbbüs sayəsində ölkənin müxtəlif regionlarında, eləcə də paytaxt Bakının məhəllələrində Cruyff meydançalarının inşası uşaqları futbola daha da yaxınlaşdıra, onların təbii inkişafına töhfə verə və inklüziv futbol mühitinin formalaşmasına xidmət edə bilər.

Düşünürəm ki, Azərbaycan futbolunun gələcəyinə ümidlə baxmaq üçün əsas var. Bizdə potensial mütləq ki var, sadəcə onu kəşf etmək, üzərində işləyib parlatmaq və düzgün istiqamətləndirmək lazımdır. Yalnız bundan sonra öz Kvara’larımızı yetişdirməyi xəyal edə bilərik.

Vüsal Ələkbərov

Digər Məqalələr

Bir mundialdan daha artıq: DÇ-2010

6 İyun 2026

Bir mundialdan daha artıq: DÇ-2010

Xronoloji baxımdan 23-cü Dünya Çempionatının başlamasına azsaylı günlər qalır. Futbol ictimaiyyətinin festival atmosferinə büründüyü bu günlərdə mən də öz növbəmdə izlədiyim mundiallar haqqında fikirlərimi, xatirələrimi və hisslərimi bölüşəcəyim yazılar paylaşmaq qərarına gəldim. Bu başlıq altındakı ilk yazımda yaşım etibarilə izlədiyim ilk mundial olan 2010-cu il Dünya Çempionatından bəhs edəcəyəm. Cənubi Afrikada keçirilən turnir istər nostaljik, istərsə də məqalə ərzində qeyd edəcəyim bir çox səbəbdən ötrü mənim üçün olduqca özəldir, subyektiv baxımdan mundialların ən yaxşısıdır.

worldcupwc2010wavinflagispaniyavuvuzela
230 baxış8 dəq.
Qarabağ – 4 il sonra zirvədən uzaqda

19 Aprel 2026

Qarabağ – 4 il sonra zirvədən uzaqda

Cari mövsümdə UEFA Çempionlar Liqasında tarixi zəfərlərə imza atan Qarabağ daxili çempionatda isə 4 il sonra titulu itirməklə üz-üzədir. Ağdam təmsilçisi mövsümün əvvəlində diqqəti, təbii olaraq, Avropaya yönəltdiyi üçün liqa matçlarına rotasiyalı heyətlərlə çıxır və dərin heyət zəifliyinin nəticəsində xal itkilərinə məruz qalırdı. Fevral ayında avrokuboklarla vidalaşan komandanın növbəti çempionluq üçün daha yaxşı və daha dominant bir oyun sərgiləyəcəyini gözləsək də, gedişatdakı qrafik tam əksini göstərdi. Bu yazımızda əldə olunan uğursuz nəticələrin arxasındakı səbəbləri araşdırmağa çalışacağıq.

qarabagfkqurbanqurbanovazpfl
212 baxış5 dəq.
Remontada olmadı, Atletico son dördlükdə

15 Aprel 2026

Remontada olmadı, Atletico son dördlükdə

Turun ilk matçında azlıqda qalaraq, doğma meydanında Atletico Madrid’ə 2-0 hesabı ilə məğlub olan Barcelona cavab oyununa “Remontada”, yəni geridönüş inancı ilə yollanmışdı. Metropolitano'da gecəyə tam da istədiyi kimi başlayan Katalonlar yenə oxşar bir ssenari nəticəsində bu mövsümlük Çempionlar Liqası mübarizəsini dayandırmış oldu. Digər tərəfdə isə Diego Simeone’nin komandası yarımfinala yüksələrək, adını son 4 komandanın arasına yazdırdı.

atleticomadridbarcelonaantoinegriezmannlamineyamalucl
170 baxış6 dəq.

Cruyffism ideologiyasının bir parçası ol

Son məqalələrdən e-poçt vasitəsilə xəbərdar olun.

Məxfiliyinizi qoruyuruq. İstədiyiniz zaman abunəliyi ləğv edə bilərsiniz.