Qarabağ’da mövsüm planlanması
Birinci növbədə komandanın nəticə olaraq deyil, oyun baxımından mövsümün sonlarına doğru eniş göstərməsindən bəhs etmək istəyirəm. Əslində bu hazırkı mövsümə xas bir nüans deyil; belə ki Qarabağ çempion tamamladığı mövsümlərdə də oxşar problemlərlə üzləşirdi. Qurban Qurbanovun kollektivi istənilən mövsümə çox yüksək tempdə başlayır, payız aylarında pik performansa qalxır, sonlara doğru isə nəticələri əldə etsə belə, oyun keyfiyyəti və dinamikası baxımından axsayırdı.
Xatırlayırsınızsa, Luis Enrique’nin total dominasiyası başlıqlı məqaləmdə PSG-nin mövsüm planlanmasından danışmışdıq. Parislilər mövsümə öz standartlarından aşağıda başlayır, Çempionlar Liqasının final mərhələləri yaxınlaşdıqca daha yaxşı formada olurdular. Bu planlanmanın arxasındakı səbəbin komandanı mövsümün ən vacib məqamına ən yaxşı şəkildə hazırlamaq olduğunu qeyd etmişdik.
Qarabağ’da isə qrafik olaraq fərqli, lakin məntiqi perspektivdən eyni olan bir yanaşmanın mövcudluğunu iddia edə bilərik. Ardıcıl 12 ildir avrokubokların əsas mərhələsində iştirak edən təmsilçimiz üçün mövsümün ən vacib hissəsi PSG-dən fərqli olaraq bahar ayları deyil, diqqətin Avropaya yönəldiyi yay və payız aylarıdır. Qurban Qurbanovun komandası məhz bu dönəmlərdə ən zirvə performansını ortaya qoymağa çalışır. Bütün bu planlanmanın fonunda biz aprel-may aylarında istər-istəməz daha zəif çıxış edən bir Qarabağ’ın şahidi oluruq.
Oyunçulara gələn təkliflər
Qurban Qurbanov son mətbuat konfranslarında oyunçulara gələn transfer təklifləri haqda danışmışdı. Komandanın baş məşqçisi ona yönəldilən sualların birinə cavab olaraq, heyətin 70 %-ə yaxın bir hissəsinə təkliflər olduğunu və bu təkliflərin futbolçuların ortaya qoyduğu performansa mənfi təsir göstərdiyini qeyd etmişdi. Bir futbolçunun maaş almağa davam etdiyi bir klubda transfer ehtimalı səbəbindən performansını bilərək və ya bilməyərək aşağı salması, ondan gözlənilənləri doğrultmaması etika baxımından doğru səslənmir, lakin futbolçuların qərarlarının prioritet olduğu modern futbol strukturunda bu hallar reallığın özüdür. Avropada Ajax, Benfica kimi ortabab sayılan klubların da oxşar situasiyalara məruz qaldığını bilirik. Oyunçular bəzən keçid məbləğlərinin aşağı salınması məqsədilə qərəzli bir şəkildə, bəzənsə cari komandalarında missiyalarını tamamladıqlarını zənn etdikləri üçün performanslarında eniş göstərirlər. Bu məsələ sadəcə transferlə də bağlı deyil; oyunçular öz hədəflərinə nail olduqda, yaxud o hədəfdən uzaq düşdükdə komandanın da hədəflərinin olduğunu “unudub”, zəif çıxış edə bilirlər.
Qarabağ’ın özündən misal gətirək: 2023-2024 illər mövsümündə UEFA Avropa Liqasında Braga’nı məğlub edərək, adını son 16 komandanın arasına yazdıran komandanın növbəti mövsümdəki hədəfi, heç şübhəsiz, Çempionlar Liqasına vəsiqə qazanmaq idi. Yeni mövsümdə heyətinin ciddi bir hissəsini qoruyan komanda hədəfinin bir addımlığında Dinamo Zagreb’ə məğlub olaraq, yenidən Avropa Liqasının yolunu tutdu və liqa fazasının tətbiq olunduğu ilk mövsümü sonuncu – 36-cı pillədə tamamladı. Əlbəttə, bu nəticələrin arxasında taktiki səbəblər də var; ancaq mental tərəfdən oyunçuların da həmin mövsümə yetərincə ciddi yanaşmadığını vurğulamaq lazımdır. Bugünkü gündə də komandada oxşar mental problemlərin yaşandığını qeyd edə bilərik. Futbolçuların bu davranışlarını qətiyyən dəstəkləmirəm və Qurban Qurbanovun da dəyərləndirdiyi kimi, intizamsızlıq olaraq qiymətləndirirəm.
Nizam-intizam problemləri
İntizamsızlıq demişkən, son aylar ərzində Qarabağ’da 3 oyunçu məhz bu səbəbdən əsas heyətdən uzaqlaşdırıldı. Newcastle ilə ev oyunundan sonra Samy Mmae, yaxın günlərdə isə Abbas Hüseynov və Elvin Cəfərquliyev eyni şəkildə cəzalandırılaraq, əvəzedici komandaya göndərildilər. Bu uzaqlaşdırılmaların konkret səbəblərini nə Qurban Qurbanov açıqladı, nə də mətbuat hər hansısa bir şayiə yaydı. Bu səbəbdən cəzalandırılan oyunçular haqqında xüsusi danışmağa ehtiyac görmürəm. Hər bir halda olduqca qısa müddətdə bir klubda 3 oyunçunun nizam-intizamsızlıq fonunda cəzalandırılması da komandanın problemlərindən biridir.
Oyun profilinin dəyişməsi
Məsələlərə bir az da taktiki sferadan yanaşaq. Haradasa 1 il əvvəl yayımladığım Qarabağ’ın 12-ci çempionluğu adlı məqaləmdə komandanın son illərdə əsas fokusunun topa sahib olma oyunundan keçid hücumlarına yönəldiyini qeyd etmişdim. Keçid hücumları avrokuboklarda Qarabağ’ın əlini gücləndirən faktor olsa da, bu dəyişiklik zaman içərisində liqada qapanan rəqiblər qarşısında işləri çətinləşdirməyə başladı. Hətta eyni yazıda Avropada zəif hesab edəcəyimiz rəqiblərin də qapanma üslubuna müraciət etdiyini və bu yolla Qarabağ’ı dayandırmağa çalışdığını vurğulamışdım.
Keçid və set hücumları oyunun fərqli fazalarıdır və hər birində komanda və oyunçularından fərqli elementlər tələb olunur. Vaxtilə Qurban Qurbanovun da yanında təlim gördüyü Pep Guardiola’nın fikrinə görə, set hücumları oyunun ən çətin fazasıdır. Çünki bu fazada rəqib çox sayla dərin blokda müdafiə olunur, məsafələr azalır, boşluq tapmaq çətinləşir və qol üçün əksər imkanlar məhdudlaşır. Qarabağ’da oyunun bu fazasında keyfiyyət əskikliyi hiss olunur.
Bu əskikliyi biz ilk növbədə alternativsiz hücum strategiyaları ilə müşahidə edirik. Qapanan rəqiblər qarşısında Qarabağ adətən oyunu cinahlara yönləndirir, bölgədəki 2 oyunçunun divar paslaşması ilə cərimə meydançasına daxil olmağa çalışır, müvəffəq olduqda isə qapı sahəsinə doğru yerdən sərt pas ötürərək qol şansı yaradır. Biz bu tip hücumları Qarabağ’ın yerli çempionatdakı bütün oyunlarında görürük, şəxsən mən əvəzedici komandanın belə bu kimi hücumlarını izləmişdim.
Burada problem bu hücum planında deyil, bu planın alternativsiz görünməsindədir. Biz Qarabağ’ın cərimə meydançasına başqa üsullarla daxil olmağa çalışdığını görə bilmirik. Hava ötürmələriylə təhdidlərin olmaması aydındır, Musa Qurbanlı oyunda olmadıqca ikinci mərtəbədə təhdid yaratmaq elə də real səslənmir. Lakin set hücumlarında bir komandanın maarifliyini sübut edən məqam rəqibi mərkəzdən, daha dəqiq desək, yarımcinahlardan yara bilməklə əlaqədardır. Bu günün trendi məhz budur, yarımcinahlardan daha yaxşı istifadə edən komanda daha güclü oyunu oynamağa qadir olur. Bu trendin tətbiqi üçün isə yarımmüdafiəçilərin sözügedən zonaya topsuz qaçışları tələb olunur, amma biz Qarabağ’ın mərkəz xəttində belə bir hərəkətlilik müşahidə edə bilmirik. Montiel’in topla dinamizmini nəzərə almasaq, ümumən Qarabağ yarım-müdafiə xəttinin set oyunu zamanı statik oyununu komandanın ən böyük problemlərindən biri kimi hesab etmək olar.
Tempini itirən Zoubir
Əvvəlki illərdə komandanın set hücumundakı açar oyunçusu rəqib müdafiə xəttini driblinqləri və çevik oyunu ilə sarsan Abdellah Zoubir idi. Bu gün isə artan yaş səbəbilə ovaxtkı tempindən uzaq olan Zoubir komandasına nəinki set hücumunda, heç boş zonalarda belə driblinq baxımından yetərincə kömək edə bilmir. Zoubir profilindəki oyunçular yaşları artdıqca adətən mərkəz mövqelərə çəkilərək temp itkilərini kompensasiya edir, oyuna pas bacarıqları ilə dəstək olurlar. Cari mövsümdə də bəzi məqamlarda Qurban Qurbanovun Zoubir’dən bu formada faydalanmağa çalışdığını görmüşdük. Set hücumuna cinahda başladıqda isə o, təəssüf ki, sadəcə oyunu yavaşlatması ilə yadda qalır.
Əks cinahda isə Leandro Andrade dərin blok qarşısında öz effektini itirən bir digər oyunçudur. Qurban Qurbanov onun çalışqanlığından xüsusi faydalansa da, bu tip ssenarilərdə həmin çalışqanlıq heç bir fayda vermir. Abdellah Zoubir’in fərdi ustalıqlarından da məhrum qalan Qarabağ üçün ən yaxşı həll yolu bu kimi oyunlarda Camilo Duran’dan sağ cinahda faydalanmaqdır deyə düşünürəm. Kolumbiyalı oyunçu bu mövqedə tapdığı hər şansı müsbət dəyərləndirməsilə yadda qalıb. Duran’ın sağ cinahda oynadığı dəqiqələrdə hücumun sivri ucunda da nominal 9 nömrə olan Musa Qurbanlının çıxışı komandanın hücum potensialını artırır. Matç içərisində bu dəyişikliklərin Qarabağ’da oyun keyfiyyətini kifayət qədər artırmasına rəğmən belə bir start planının hələ də tətbiq olunmaması qəribə səslənir.
Mateus Silva’nın mövqeyi
Qarabağ’ın oyun planı haqqında diqqət çəkmək istədiyim son məsələ isə Mateus Silva ilə bağlıdır. Bəhlul Mustafazadə zədələndikdən sonra Qurban Qurbanov braziliyalı oyunçunu mərkəz müdafiəçisi kimi istifadə etməyə başladı. Əslində biz Mateus’u əvvəlki mövsümlərdə də liqanın bəzi matçlarında bu mövqedə çıxış edərkən görmüşdük. Oyunçu həmin matçlarda kifayət qədər də yaxşı performans sərgiləmişdi. Elə indinin özündə də Mateus ona verilən vəzifənin öhdəsindən layiqincə gəlir. Buradakı əsas problem isə Mateus’dan çox Dani Bolt’un adı ilə bağlıdır.
Sözügedən mövsümlərdə Mateus mərkəzdə oynadıqda sağ cinah müdafiəçisi kimi biz adətən Marko Vesovic’i görürdük. Texniki baxımdan Bolt və Vesovic arasında çox ciddi səviyyə fərqi var və bu oyunun istənilən fazasında özünü biruzə verir. Mövsüm ərzində biz Bolt’un həm müdafiə olunmaqda, həm də hücumlara qoşulmaqda çəkdiyi çətinlikləri müşahidə etdik.
Mateus sağ cinah müdafiəçisi kimi çıxış etdikdə toplu oyun fazasına da əlavə bir dəyər qatırdı. Oyunun birinci bölgədə qurulduğu ssenarilərdə o, arxa xəttdəki üçüncü müdafiəçiyə çevrilərək, komandasının pressinqdən çıxmasına və oyunu növbəti bölgələrə daşımasına dəstək olurdu. Mateus mərkəzdə oynadıqda isə sağ cinahda onun əvəzləyicisi olan Bolt eyni keyfiyyətləri nümayiş etdirməkdə aciz qalır və bunun nəticəsində biz pressinqə məruz qaldıqda çox sayda top itkisi ilə üzləşən bir Qarabağ izləyirik.
Bütün bunlar nəzərə alındıqda daha etibarlı görünən Mateus Silva’nı öz mövqeyindən tərpətməmək və əvəzində isə mərkəz müdafiəçisi kimi komandanın kapitanı Bədavi Hüseynova güvənmək daha yaxşı bir seçim kimi səslənir. Əlbəttə, mən Qurban Qurbanovdan daha yaxşı bilə bilmərəm. Məsələ burasındadır ki, Qurban Qurbanov özü də zaman-zaman bu seçimə müraciət edir və daha müsbət nəticələr alır. İki seçim arasında meydana yansıyan keyfiyyət fərqinə rəğmən başlanğıc planlarının dəyişməməsi çox maraqlıdır; elə Camilo Duran və Musa Qurbanlı seçimlərindən bəhs etdiyimiz kimi. Mənim burada əsas qınağım bu kimi sualları Qarabağ’ın baş məşqçisinə yönəltməyən mətbuat katiblərinədir.
Mövsümün bitməsinə az qalıb. Qarabağ üçün isə son məğlubiyyətdən sonra üfüqdə görünən əsas hədəf ölkə kubokunu və bilavasitə Avropa Liqasına vəsiqəni qazanmaqdır. Mövsüm başa çatdıqdan sonra kimlərin gedəcəyinə, kimlərin gələcəyinə və ümumilikdə nələrin dəyişəcəyinə aydınlıq gətiriləcək. Tarixinin ən uğurlu mövsümünü çempionluq titulu ilə yekunlaşdıra bilməyəcəyi gözlənilən Qarabağ’ın yeni mövsüm planları indidən marağımı cəzb etməkdədir.
Yazımın sonunda bir daha vurğulamaq istəyirəm ki, mən sadəcə öz müşahidələrimi və fikirlərimi dilə gətirirəm; özümü qətiyyən futbolumuzun ən dahi baş məşqçisindən daha ağıllı hesab etmirəm. Qurban Qurbanov mənim ölkə futbolunda ən sevdiyim və ən çox rəğbət bəslədiyim şəxsiyyətdir. Onun sonuncu mətbuat konfransını izləsəniz, səsləndirdiyi ifadələrlə burada yazdığım bir çox şeyin üst-üstə düşdüyünü də görə bilərsiniz.
Hörmətlə,
Vüsal Ələkbərov



