Aşağı templi ilk hissə
Stamford Bridge’dəki görüşlə başlayaq. Qeydə alınan üç top fərqi ilk baxışda dominantlıqdan xəbər verirmiş kimi görünsə də, görüşün ilk hissəsində City adına bu dominasiya sadəcə topa sahib olmaqdan ibarət idi. Guardiola’nın kollektivi topa daha çox sahib olsa da, Chelsea qapısı qarşısında təhlükə yaratmaqda çətinlik çəkir; əvəzində isə Chelsea daha təhlükəli hücumlarla qarşılıq verirdi. Ümumən ilk hissədə oyunun tempi Premier League səviyyəsindən olduqca aşağıda idi. Hətta oyunu birgə izlədiyim dostum sanki akademiya matçı izləməyimizdən şikayətlənirdi. Hər iki tərəfin etdiyi adi pas səhvləri və uğursuz ilk toxunuşları nəzərə alsaq, dostumun birinci hissə ilə bağlı kinayəsində yanılmadığını deyə bilərik.
Chelsea’nin oyuna yanaşma tərzi
Dediyim kimi, ilk hissədə nisbətən daha yaxşı təsir bağışlayan tərəf meydan sahibləri idi. Chelsea’nin hücumlarında oyunçuların nə istədiyi müəyyən qədər aydın görünürdü. Komanda, aşağı tempdə belə olsa, konkret bir oyun ortaya qoyurdu. Zadəganların hücumlar zamanı Joao Pedro’nun saxta 9 rolundan, Cucurella’nın isə yarımcinaha keçidlərindən faydalandığını vurğulamaq olar. Toplu hücumda Andrey Santos oyunun geridən qurulması üçün müdafiə xəttinə enir, cinah müdafiəçiləri yarımcinahlara yüksəlir, Neto və Estevao isə xəttlərdə oyun genişliyini təmin edirdilər.
Hissənin böyük bir hissəsini topsuz keçirən komanda dərin blokda müdafiə olunaraq, City’nin pas kanallarını bağlamağa çalışırdı. Bu fazada oyunçular gah 6-3-1, gah 5-4-1, gah da 4-5-1 kimi meydana düzülürdülər. Düzülüşlərdə bu qədər fərqliliyi isə “man marking” ilə əlaqələndirirəm. Anladığım qədərilə, baş məşqçi Liam Rosenior’un oyunçularına müəyyən rəqib futbolçularına qarşı fərdi müdafiə təlimatı var idi. Fərdi müdafiə təzyiqi altında olan City oyunçuları toplu və ya topsuz hərəkətlənmələr etdikcə Chelsea’nin dərin blokdakı düzülüşü də dəyişikliyə məruz qalırdı. Bu qatı, amma bir qədər də elastik olan müdafiə anlayışı Chelsea’nin ilk hissədə qapısı qarşısında ciddi təhlükə görməməsi ilə nəticələndi.
Man City’də oyun quruluşu
Manchester City isə toplu oyunda 3-2-5 ilə hücum edirdi. Chelsea’dən fərqli olaraq, müdafiə xəttinin üçüncü oyunçusu kimi hər hansısa bir yarımmüdafiəçidən deyil, sağ cinah müdafiəçisi olan Matheus Nunes’dən istifadə edilirdi. Meydanı zədə səbəbindən yarımçıq tərk etməli olan Nico O’Reilly isə saxta cinah müdafiəçisi kimi yarımmüdafiə və hücum xəttinə dəstək olurdu. City’nin topsuz oyununu isə topun olduğu yerə görə 2-yə ayıra bilərik. Top rəqibin üçüncü bölgəsində, yəni “build-up” mərhələsində ikən ön xəttdə pressinq edən komanda təzyiqin qırıldığı və topun digər bölgələrə keçid etdiyi məqamlarda 4-4-2 sxemi ilə meydana yayılaraq orta və ya dərin blokda müdafiə olunurdu.
City’nin ilk hissə ilə bağlı problemləri
Şəhərlilər üçün ilk hissənin bu qədər zəif keçməsinin müəyyən səbəblərini sadalamaq olar. Birinci növbədə toplu oyun fazasında bu qədər aşağı tempdə edilən ötürmələrin rəqib müdafiəsində heç bir boşluq yaratmamasını qeyd edə bilərik. Bunun nəticəsi kimi mərkəzdə boşluqlar tapa bilməyən komanda hücumu cinahlar üzərindən, xüsusən sol cinah vasitəsilə qurmağa çalışırdı. Burada isə Jeremy Doku’nun uğursuz driblinqləri top itkiləri və ya elə də effektiv olmayan hücum cəhdləri ilə yekunlanırdı. Mənə görə Man City adına meydandakı bir digər problem isə Rayan Cherki’nin laqeyd oyunu idi. Disiplindən kənar oyunu ilə müzakirələrə səbəb olan Cherki ilk hissədə top qəbulları zamanı oyunu lazımsız şəkildə yavaşladır, rəqibin üzərinə asta-asta addımlayaraq sanki nələrsə etməyə çalışır, lakin yekunda heç nə ilə yadda qalmırdı.
İki hissə arasındakı kəskin fərq
Fasilə zamanı Pep Guardiola oyunçularına nə deyib, bilmirəm. Amma nə deyibsə, yaxşı deyib. Nəticə etibarilə, ilk hissədə rəqib qapısı qarşısında heç bir real təhlükə törətməyən Manchester City ikinci hissəyə ildırım sürətində başladı və çox keçmədən də hesabı açmağa nail oldu. Birinci hissə ilə bağlı tənqid etdiyim məqamlar ikinci hissədə özünü tam əks tərəfdən göstərirdi. Komanda toplu oyunda pas sürətini və bilavasitə tempi artırmışdı. Artan temp nəticəsində cinah oyununa məhkum olmayan komanda top cinaha yönəldikdə belə daha çox boş zona tapır və bunun nəticəsində həm Doku, həm də Semenyo’dan daha effektiv şəkildə yararlanırdı. Ən əsası, ilk hissənin anti-qəhrəmanı kimi elan etdiyim Rayan Cherki ikinci hissəyə möhtəşəm oyunu və iki assisti ilə möhür qoydu və bir növ matçın qəhrəmanına çevrildi.
Bugünkü oyundan bunu müşahidə etmək olar ki, Guardiola’nın komandası üçün görüşlərin çətin hissəsi ilk qolun vurulduğu ana qədərdir. Dərin blokda qapanaraq müdafiə olunan rəqiblər Man City’ə böyük çətinlik yaradır. Əvvəlki kreativliyindən və kəskinliyindən uzaq olan komanda qapalı müdafiələri yarmaqda əziyyət çəkir. Lakin ilk qol gəldikdən sonra dəyişən hesab rəqibləri qane etmədiyindən oyun az da olsa açılır və bu nəticədə City’nin daha çox işinə yarayır. Daha çox zona bu komandanın hücum xəttindəki sürətli oyunçulardan daha yaxşı faydalanmasına gətirib çıxarır və bunun nəticəsi kimi biz adətən hesab arasındakı fərqin daha da artdığını müşahidə edirik, elə bugünkü oyunda da olduğu kimi.
Zirvəyə City prizmasından baxış
Premier League’də mövsümün sonuna 6 tur, Manchester City üçün isə 7 oyun qalır. Zirvədəki cari xal fərqi 6-dır; lakin əldə olan oyunu da nəzərə aldıqda potensial xal fərqini 3 kimi qiymətləndirə bilərik. Şəhərlilərin növbəti turda Arsenal’ı Etihad’da qəbul edəcəyi matç çempionluq yarışı üçün çox kritik bir qırılma nöqtəsi olacaq. Guardiola’nın komandası geridə qalan bütün matçları qazandığı təqdirdə ən pis halda Arsenal’la xalları bərabərləşdirməyə nail olacaq. Belə bir ssenari reallaşacağı halda çempionu qol fərqi təyin edəcək (hazırda Arsenal 3 qol fərqlə irəlidədir).
Mövsüm sonuna doğru qalibləri sadəcə oyun gücü deyil, həmçinin psixologiya da təyin edir. Nəticədə futbol insanlarla oynanılır və bu insanların hər birinin daşıdığı psixoloji yüklər də oynanılan oyunun bir parçasına çevrilir. Çempionluq yarışını dəyərləndirərkən Man City’nin Pep Guardiola ilə birgə formalaşdırdığı keçmiş hegemoniyasından gələn “winner” mentalitetini unutmamaq lazımdır. Əks tərəfdə isə 22 illik çempionluq həsrəti ilə yanıb-alışan bambaşqa bir psixoloji təzyiq var. Bütün bu nüansları nəzərdən keçirdikdən sonra zirvəyə qalxan iplərin Guardiola’nın əllərində olduğunu demək mümkündür. Arteta’nın bu ipləri Pep’dən geri almaq üçün isə, hələ ki, vaxtı var. Növbəti tur çox şeyə aydınlıq gətirəcək, gözləyib, görəcəyik.
Vüsal Ələkbərov



