Şimali Amerikaya 3 favoritdən biri kimi gələn İspaniya yığması ilə bağlı turnir öncəsində müəyyən sual işarələri var idi. Bunlardan birincisi heyət seçimi ilə bağlı idi. Baş məşqçi Luis de la Fuente 26 nəfərlik heyətdə Real Madrid’dən heç bir oyunçuya yer ayırmamışdı. Kral Klubu hər nə qədər turnir başlamazdan əvvəl Marc Cucurella’nın transferini açıqlasa da, FIFA qalib heyətdə oyunçunun təmsil etdiyi klubu Chelsea olaraq açıqlamışdı. Komandanın heyətində Real’dan heç bir oyunçunun olmaması qlobal mediada problem kimi qələmə alınmışdı. Halbuki geridə qalan mövsümdə Real Madrid’in nəticələrinə, xüsusən komandadakı ispan oyunçuların çıxışlarına baxdıqda burada bir qərəz olmadığı qənaətinə gəlmək olardı. Heyət seçimi ilə bağlı məni ən çox narahat edən məqam isə mərkəz müdafiə tandemi ilə bağlı idi. Karyerasını Ərəbistanda davam etdirən Aymeric Laporte’un 2024-cü il Avropa Çempionatındakı uğurlu çıxışını davam etdirib-etdirməyəcəyi bir növ sual işarəsi idi. Məhz bu səbəbdən Real Madrid’in ispan müdafiəçisi Dean Huijsen’ə geniş heyətdə yer verilməməsi bir qədər narahatlıq yaradırdı. Turnirin gedişatında biz istər Laporte’un, istərsə də ümumi ispan müdafiəsinin özünü doğrultduğunun şahidi olduq.
Müdafiə dedikdə söhbət sırf müdafiə xəttindən getmir, İspaniya yığması komanda olaraq müdafiə oyununda rəqiblərindən daha üstün idi. Bu üstünlük onların statistikasına da yansıdı və komandanın qapıçısı Unai Simon turniri qapısında yalnız 1 qol görərək tamamladı. Kağız üzərində ispanların müdafiəsi bu qədər güclü görünmürdü, çünki buradakı oyunçular daha çox texniki cəhətləriylə fərq yaradan profillər hesab olunurdu. Komandanın cinah müdafiəçiləri Cucurella və Porro hücumameyilli oyunçulardır. Turnirin ən yaxşı gənc oyunçusu seçilən Pau Cubarsi isə Hansi Flick’in Barcelona’sında zaman-zaman kritik səhvləri ilə yadda qalan bir mərkəz müdafiəçisi idi. Bu xəttdə müdafiə bacarıqları ilə güvən verən tək oyunçu Aymeric Laporte olsa da, onun da karyerasının ən yaxşı dönəmlərindən birində olmadığını vurğulamışdıq. Bunu da əlavə etmək olar ki, Laporte belə oyun qurucu bir müdafiəçi kimi tanınırdı. Hətta Unai Simon da bir qapıçı kimi qurtarışlarından çox toplu oyuna gətirdikləriylə ön plana çıxırdı. Luis de la Fuente’nin möhtəşəm mövsüm keçirən David Raya və Joan Garcia kimi qapıçıların yerinə Athletic Bilbao’nun qolkiperinə güvənməsi də maraq oyadan məqamlardan idi. Bu cür texniki bir müdafiə xəttinin 8 oyunda yalnız 1 qol buraxmasının səbəblərini oyunun müxtəlif fazalarına baxaraq izah edə bilərik.
Toplu oyunda ispanlar ənənəvi qaydada qısa paslı oynayırdılar. 2024-cü il Avropa Çempionatında biz İspaniyanın bu fazada daha birbaşa, vertikal bir yanaşma sərgilədiyinin şahidi olmuşduq. Lakin budəfəki çempionatda komanda sanki 2010-cu, hətta daha praqmatik olan 2012-ci ildəki yığmanı bizə xatırladırdı. Buradakı əsas fərq komandanın əvvəlki dinamizmindən uzaq olması ilə əlaqədardır deyə düşünürəm. AÇ-2024-ə damğa vuran Nico Williams mövsüm boyu zədələrlə boğuşmuşdu və oxşar bir performans vəd etmirdi. Nico’dan fərqli olaraq olduqca yaxşı bir mövsümü geridə qoyan Lamine Yamal isə turnir öncəsi zədə problemləri yaşamışdı. Onu da vurğulamaq lazımdır ki, 2 il əvvəl İspaniya millisinin əsas hücumçusu nominal 9 nömrə olan Alvaro Morata idi, lakin bu dəfə Luis de la Fuente saxta 9 kimi Mikel Oyarzabal’a güvənmişdi. Nəticə etibarilə hücum xəttindəki bu fərqliliklər komandanı daha ehtiyatlı, daha təmkinli oynamağa vadar etdi. Toplu oyunda minimal risklə paslaşan ispanlar əslində topu özlərində saxlayaraq müdafiə olunmuş olurdular.
Luis de la Fuente rəhbərliyi altında İspaniya millisini fərqləndirən və önə çıxaran ən əsas keyfiyyətin itirilən topu geri qazanma sürəti olduğunu düşünürəm. Bu keyfiyyət hesabına ispanlar keçid fazasında elə də ciddi çətinliklə üzləşmirdilər. Topu belə sürətli geri qazanmağın arxasında isə bir neçə səbəb sadalamaq mümkündür. Birincisi, oyunçular toplu oyunda qısa pasların dəqiqliyini artırma məqsədilə bir-birinə sıx məsafələrdə pozisiya aldıqları üçün topun itirildiyi ssenarilərdə də topun ətrafında ispan oyunçuların say üstünlüyünü müşahidə etmək olurdu. Bu da Pep Guardiola’nın məşhur “6 saniyə qaydası”nı tətbiq etmək üçün ideal şərait yaradırdı. Bir digər səbəb kimi vertikal məsafələrin sıxlığından da bəhs edə bilərik, xəttlər arasındakı məsafənin sıx olması rəqibin bu bölgələrdə topla keyfiyyətli bir oyun ortaya qoymasına maneə törədirdi. İspanların ani pressinqinin qırıldığı məqamlarda isə Unai Simon’un irəli çıxışlarının, həmçinin, cinah müdafiəçilərinin sığorta bacarıqlarının komandanı çətin anlardan xilas etdiyini əlavə etmək olar.
Keçid fazasından bəhs etmişkən, keçid hücumlarına yanaşma tərzinin də İspaniya müdafiəsinin uğurunda rol oynadığını düşünürəm. Toplu oyun fazası da hücum seqmenti hesab olunur, lakin biz ispanların bu fazada necə müdafiə olunduqlarından bir qədər öncə bəhs etdik. Eləcə də keçid hücumları zamanı ispanlar birbaşa irəli atılaraq, topu itirmə riskini gözə almaq əvəzinə ilk növbədə topun tam nəzarətini təmin etməyə çalışırdılar və potensial top itkisinin və bu itkinin fonunda yaranacaq əks hücumun qarşısını alırdılar. Bu kimi praqmatik yanaşmalar İspaniyanın toplu oyuna nəzarətini maksimal həddə çatdırırdı.
Topa nəzarətdən bir xeyli danışmış olsaq da, La Furia Roja bu çempionatda topsuz oyunda da oyuna nəzarət etməsi ilə fərq yaradırdı. Statistikalara da baxsaq, ispanların topa sahib olma faizlərində elə də radikal nəticələr ortaya qoymadıqlarını müşahidə edə bilərik. İspaniyanın Fransa yığmasını çarəsiz göstərdiyi yarımfinal qarşılaşmasında topa sahib olma nisbəti 51-in 49-a idi. Bu cüzi fərqə rəğmən biz oyun ərzində ispanların total kontrolunu hiss etmişdik. Müasir futbolda topsuz oynayan komandalar adətən dərin blokda qapanır, rəqibinin fürsətlər axtarmasına şərait yaradır və matç ərzində müdafiədəki həmlələrlə, yaxud qapıçı seyvləriylə qapılarını toxunulmaz saxlamağa çalışırlar. İspanlar isə topsuz oyuna daha fərqli yanaşır; dərin blok əvəzinə orta blokda sıx müdafiə olunaraq, rəqibi oyunun mərkəzində məhdudlaşdırmağa çalışırlar.
İspaniya yığmasının bu turnirdə ortaya qoyduğu topsuz oyun performansının futbolun inkişaf prosesində mühüm bir rol daşıyacağını düşünürəm, çünki bu çempionat nəticəsində bütün dünya müdafiə olunmaq üçün, qapını toxunulmaz saxlamaq üçün sərt müdafiəçilərə və “avtobus” yanaşmalarına ehtiyac olmadığını gördü. İspanlar aydın şəkildə göstərdi ki, qol buraxmamaq üçün rəqibə verilən fürsətlərin sayını da azaltmaq lazımdır. Əks bir nümunə kimi elə digər yarımfinal qarşılaşmasını göstərmək mümkündür. Argentina qarşısında 55-ci dəqiqədə önə keçən ingilislər 1-ci bölgəyə qapanmış, rəqiblərinin üstlərinə gəlməsinə icazə vermişdilər. Bir-birinin ardınca əldən qaçan fürsətlər Argentina yığmasının hücumlarını bir qədər də kəskinləşdirmiş, “momentum”u onların lehinə çevirmişdi. Nəticədə Tomas Tuchel’in kağız üzərində ehtiyatlı görünən oyunu komandasını finaldan məhrum etmişdi.
Oyunun 4 təməl fazasına baxaraq, ispanların müdafiədəki uğurlarına analitik bir göz gəzdirdik. Komandanın hücum planından isə danışmağa ehtiyac görmürəm. Aydın məsələdir ki, bu komandanın prioriteti müdafiə olunmaq, hesabda geri düşməmək və oyuna nəzarəti əldə saxlamaq idi. 2010-cu ildə də eyni yanaşmanı sərgiləyən komandanın qol yollarında imdadına elə həmin yay Valencia’dan Barcelona’ya keçidi rəsmiləşən David Villa çatmışdı. Budəfəki çempionatda isə Oyarzabal’ın qol yükünü öz öhdəliyinə götürməsindən, Mikel Merino’nun qırılma anlarında səhnə almasından bəhs etmək mümkündür. Finalın 106-cı dəqiqəsində qələbə qolunu Emiliano Martinez’in qoruduğu qapıdan keçirən Ferran Torres’in də adını çəkməmək olmaz, əlbəttə.
Turnirin ən yaxşısı
Hər nə qədər fərdi keyfiyyətlərə arxalanan bir yığma olmasa da, İspaniyada oyuna və turnirə damğa vuran, yekunda da turnirin ən yaxşısı seçilən Rodri’dən də bəhs etmək lazımdır deyə düşünürəm. Ballon D’Or qalibi olduqdan sonra ağır zədə keçirən Rodri yaşıl meydanlardan uzun müddət uzaq qalmış, qayıtdıqda isə formasını bərpa etməkdə çətinlik çəkmişdi. Manchester City də onun yoxluğunda eniş yaşamış, Pep Guardiola bəlkə də ilk dəfə alternativ bir ideya ortaya qoymaqda uğursuzluqla üzləşmişdi. Məsələ burasındadır ki, Rodri kimi oyunçuların dəyəri, əhəmiyyəti onların yoxluğunda ortaya çıxır. Barcelona’nın qızıl dövründə biz komandanın uzun müddət Sergio Busquets’dən məhrum qaldığını görməmişdik, bəlkə də bu səbəbdən Busquets karyerası boyunca “underrated” olaraq adlandırılmışdı.
Topa sahib olma oyunu oynayan komandalarda spesifik bir mövqe və ya oyunçu ön plana çıxmasa da, dayaq yarımmüdafiəçilərinin bu komandalarda “bel sütunu” funksiyasını icra etdiklərini və əvəzolunmaz bir əhəmiyyət kəsb etdiklərini düşünürəm. Maraqlısı budur ki, bu tip komandaların dayaq yarımmüdafiəçiləri profil olaraq ənənəvi dağıdıcı yarımmüdafiəçilərindən də fərqlənirlər. Burada oyunçudan gözlənilən ikili mübarizə keyfiyyətindən çox pressinqi qırmaq və birinci bölgə ilə ikinci bölgə arasındakı əlaqəni təmin etməkdir. Digər tərəfdən bu rolun ifaçıları komandalarının geniş heyətlərində adətən alternativsiz olurlar. Bunun səbəblərini həmin mövqenin əsas oyunçusundan gözlənilən davamlılıq və bu davamlılıq nəticəsində alternativə vəd edilə bilməyən forma şansı kimi sadalamaq olar.
İspaniya millisinin oynadığı oyun üçün də bu mövqe və rolun daşıyıcısı xüsusi əhəmiyyət kəsb etməkdə idi. Uzunmüddətli zədədən qayıdan Rodri bu məsuliyyətin öhdəsindən layiqli şəkildə gəldi. İspanların müdafiə statistikalarında və toplu-topsuz oyuna nəzarətindəki üstünlüyünün fonunda adı birinci çəkiləcək oyunçu da məhz Rodri’dir. Rodri haqqında çox şey demək olar, amma yuxarıda bəhs etdiyimiz, analizini apardığımız hər şeyin arxasında məhz onun adı olduğu üçün təkrara lüzum yoxdur deyə düşünürəm.
Tarixində 2-ci dəfə mundial tituluna yiyələnən İspaniya turnir ərzində ortaya qoyduğu yüksək kontrollu və tək tərəfli oyun nəticəsində artıq indidən növbəti Avropa Çempionatının da əsas favoriti hesab olunur. Bu düşüncələrin arxasındakı bir digər səbəb isə komandanın orta yaş nisbətinin olduqca aşağı olmasıdır. 2010-cu ildə qazanılan Dünya Kubokunu iki (2008, 2012) Avropa Çempionatı titulunun arasına sığışdıran ispanların növbəti hədəfi oxşar nəticəni təkrarlamaq və 2026-cı il Avropa Çempionatının da qalibi olmaq olacaq. Öz bildikləri yoldan davam etdikləri müddətcə bu hədəfdən elə də uzaq görünməyəcəklər.
Vüsal Ələkbərov



